Soyuqbulaq

Soyuqbulağın yaranma tarixi barədə heç bir sənəd olmadığı üçün dünya görmüş ağsaqqaların, ağbirçəklərin verdiyi məlumatları əsas sayaraq belə bir qənaətə gəldik ki, ərazidə ilk evlər 1925-26 –cı illərdə inşa olunub. Bir müddət Novo-Spasovka (İndiki Pirbulaq) kəndində məskunlaşan babalarımız həmin kəndi tərk edərək yeni bir yaşayış mənətəqəsinin əsasını qoyublar. 1926-cı ildə bu yurda 12 ailə köçmüşdür. Bu faktları 100 yaşında olan Giləxanım nənə Əliyeva da təsdiq etmişdir. Soyuqbulağın gözünü təbiət elə yaradıb ki, baxanda adamı heyran edir. İki dərənin qovşağında – Tup dağının ətəyindən başlayan dərənin və Soyuqbulaq dərəsinin birləşdiyi yerdə, kiçik vadidə əsrarəngiz yerdə yaranıb soyuqbulaq bulağı. Bulağın lap üstündə yarımdairə şəklində iki-üç metrlik hündürlükdə əmələ gələn qaya elə bil qədim qalaların qalıqlarını xatırladır. Bulağın hovuzundan yuxarı qayalığın üstündə bir sahə vardı. Bulağın suyunun tərkibində heç kimə məlum olmayan qeyri-adi minerallar var. İlin hansı fəslindən asılı olmayaraq suyundan nə qədər içirsən iç, heç bir hilləti yoxdur. Hər nə yeyirsən ye, üstündən Soyuqbulağın suyundan içirsən, hər çeyi yerbəyer edir. Əhval-ruhiyyən yaxşılaşır, adam özünü çox yaxşı yüngül hiss edir. Elə bu keyfiyyətlərinə görə də başqa bulaqlara yox, məhz bu bulağa ”Soyuqbulaq” adı verilib.